II Abbas
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır.
Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.